Bazar ertəsi, 27 Sentyabr 2021 16:27

Şəhidlərin xatirəsi ehtiramla anıldı-FOTO

Bu gün Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin pedoqoji kollektivi və rəhbəri Sumqayıt şəhərində şəhidlərin məzarlarını ziyarət etdilər.
Əvvəlcə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn şəhidlərin məzarları ziyarət olunaraq Ulu Tanrıdan onlara rəhmət, ailələrinə səbr diləndi. Məktəbin şəhid şagirdi Hüseyn Yusifovun məzarı ziyarət olunaraq dualar oxundu. Məktəbin direktoru Samir İsmayılov qələbə tariximizin parlaq səhifəsinə qızıl hərflərlə adlarını yazan şəhidlərimizdən söhbət açaraq onların hünər və casarətlərindən və əbədi xatirəsi hər zaman qəlbizimizdə yaşayacağından danışdı.
Sonra şəhidin ailə üzvüləri ilə birgə şəhidin musiqi təhsili aldığı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində görüş davam etdi. Şəhidin rəsmi qarşısında xatirəsi anılaraq, onun təhsil aldığı illər xatırlandı.
Məktəbin rəhbərliyi və bir neçə müəllim şəhidin böyüyüb boya-başa çatdığı evi ziyarət etdi. Şəhidin anası Asya Məmmədova, dayısı Ərşad Məmmədov Hüseyn Yusifovun uşaqlıq xatirələrindən, məktəb illərindən, qısa və şərəfli döyüş yolundan danışdılar, övladlarıyla hər zaman fəxr edəcəyini bildirdilər.
Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin direktoru Samir İsmayılov öz müsahibəsində bildirdi:
- Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə etdi. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə qəhrəmanlıqla sübuta yetirdilər. Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Bu gün rəhbəri olduğum kollektivlə birgə şəhidlərin məzarlarını ziyarət edərək onların xatirəsini ehtiramla yad etdik Nə qədər ömrümüz var biz hər zaman şəhidlərin əziz xatirəsini qəlbimizdə yaşadacayıq!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı